Azərbaycan hökuməti həyəcanla COP29-a hazırlaşır
COP “Conference of the Parties”, yəni Tərəflərin Konfransı adlanır və adındakı 29 rəqəmi tədbirin sayca 29-cu olduğuna işarə edir.
Bundan əvvəlki tədbir – COP28 keçən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub.
COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacağı gözlənilir.
COP tədbirlərində, adətən, gündəlik müəyyən edilir və tədbir zamanı müzakirələrdən sonra yekun sənəd qəbul edilir.
Almaniyada keçirilən Petersberq İqlim Dialoqu zamanı COP29-da builki dialoqun əsas mövzusunun iqlim dəyişikliyinin azaldılması tədbirlərinin maliyyələşdirilməsi olacağı açıqlanıb.
COP29-un saytında yazılıb ki, “COP29 Sədrliyi ambisiyaların artırılması və fəaliyyətə təkan vermək üçün bir-birini qarşılıqlı şəkildə dəstəkləyən iki istiqamətə əsaslanan plan hazırlayıb”.
Ancaq qurum hələ ki, istiqamətlər və planlar barədə detallı məlumat verməyib.
İndiyə kimi belə ənənə formalaşıb ki, illik COP tədbiri keçirilməzdən əvvəl dünyanın fərqli ölkələrinin iqlim icmasından olan tanınmış şəxslər və nazirlər Berlində yığışaraq bu tədbirin də gündəliyini müəyyən edir.
Burada nazirlər və diplomatlar növbəti COP tədbiri – əsas iqlim konfransı üçün prioritetləri müəyyənləşdirirlər.
Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu “Tərəflərin Konfransı (COP)” noyabrın 11-dən 22-dək Azərbaycan paytaxtı Bakıda keçiriləcək.